1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayevin bəraət cəhdi
Əliyar Ağayev FİFA referisidir, ikinci kateqoyalıdır. Xaqani Məmmədova və ona vurulan "sən öl"ə inansaq, tezliklə birinci kateqoriyaya da yüksələcək. Amma artıq son zamanlar beynəlxalq oyunlara, o cümlədən, Avropa Liqasının qrup mərhələsinin qarşılaşmalarına təyinat da alır.
Gəncdir, perspektivlidir və s.
Amma onun Azərbaycan Premyer Liqasındakı qarşılaşmalarda idarəçiliyi böyük şübhələrə yol açıb.
Ötən mövsümədək Ağayevdən daha çox "Qəbələ" narazılıq edirdi. Haqlı da narazı idilər. Amma artıq narazılıq lokal miqyası aşıb.
Daha əvvəl onun briqadası "Sumqayıt"la oyunda həmkarlarımızdan birinin də dediyi kimi, kölgəsi belə ofsaydda olan "İnter"in hücumçusu Nizami Hacıyevin qolunu qeydə almışdı. Həmin epizoda görə Ağayevə söz gəlməmişdi. Amma ofsaydı görməyən yan xətt hakimi Rza Məmmədov cəzalanmışdı.
Bu dəfə isə təkcə laynsmandan asılı olmayan səhvləri ilə göz oxşadı. Söhbət XII turun "Neftçi" - "Qəbələ" matçından gedir. Oyun ərzində oxşar epizodlarda fərqli qərarlar verən Ağayev sanki "Qəbələ"yə yarınmaq istəyini ortaya qoydu. Amma hansı əsasla?
Ruslan Qurbanova dəyib kənara çıxan topu künc zərbəsi kimi qiymətləndirən baş hakim bununla "Qəbələ"nin fərqlənməsinə şərait yaradır. Amma analoji epizodlarda "Qəbələ" lehinə penalti təyin etdiyi halda, "Neftçi"nin oyunçusunun simulyasiyaya yol verdiyini bildirir. Anton Krivotsyuka isə sarı vərəqə göstərərək, növbəti oyun üçün cəzalı duruma məruz qoyur.
Əliyar Ağayevin belə idarəçiliyini iki səbəblə əlaqələndirmək olar. Birincisi, çempionluq intriqasını indidən ölməyə qoymamaq istəyi. Bu, çox da inandırıcı görünməyə bilər. Amma hazırkı durum çempionluq yolunda "Qarabağ"a "Zirə" ilə yanaşı, "Qəbələ"nin də rəqib olacağı görüntüsünü yaradır. "Qəbələ" "Neftçi" ilə görüşdə xal itirsəydi, liderlə xal fərqi daha çox ola bilərdi.
Digər səbəb isə Əliyar Ağayevin "Qəbələ"yə qarşı qərəzli olmadığını bu yolla göstərməsi ola bilər. Çünki onun idarəçiliyi, yuxarıda da qeyd etdiyimiz kimi, əvəllər "qırmızı-qaralar"ın rəhbərliyi tərəfindən zaman-zaman etirazla qarşılanıb. İndi Ağayev "Neftçi"yə antipatiya bəsləməklə və bir neçə epizodda "Qəbələ" lehinə qərarlar verməklə göstərmək istəyir ki, o, heç də əyalət komandasına qarşı qərəzli olmayıb. Yumşaq desək, bu yolla o, "Qəbələ"nin könlünü almaq istəyir. Amma hamı bilir ki, "Qəbələ" belə üsullara aldanan deyil və bu klubun hakim köməyinə ehtiyacı yoxdur.
Hakimlərin hər dəfə ortaya çıxıb köməklik göstərmələrini səbəbi anlaşılan deyil. Əvvəllər bunu "Qarabağ"ın lehinə verilən qərarlarda görürdük. Amma bu mövsüm, əksinə, hakimlər Ağdam komandasını sıxmaqla məşğuldurlar.
Təki Əliyar Ağayevlə bağlı amma və ya "əmma"lar özünü doğrultmayaydı. Biz futbolçuların ulduz xəstəliyinə tutulduğunu görmüşdük. Doğurdanmı hakimdən də "ulduz xəstəsi" ola bilər?