Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsini "Keşlə" və "Neftçi"dən başqa "Qəbələ" və "Sumqayıt" da dəf edib.
"Qəbələ" evdə 1:0 hesabı ilə yendiyi "Səbail" üzərində səfərdə inamlı qələbə qazanıb - 4:2. "Sumqayıt" isə sensasiyaya imza ataraq, "Qarabağ"ı mübarizədən kənarlaşdırıb. "Gənclik şəhəri" təmsilçisi buna 1/4 final mərhələsinin cavab görüşündə baş məşqçi Samir Abasov və əsas qapıçı Fərhad Vəliyevin yoxluğunda nail olub. Abasov hazırda İspaniya "Atletiko"sunun düşərgəsində olduğundan, Vəliyev isə 1:2 hesabı ilə uduzduqları ilk görüşdə qırmızı vərəqə aldığından, oyunda iştirak etməyib.
Cavab görüşünün taleyini isə 2 qol həll edib. 22-ci dəqiqədə "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakın səhvindən yararlanan Kamal Mirzəyev yaxın məsafədən dəqiq zərbə endirib. 90-cı dəqiqədə isə Amil Yunanov qapıçı ilə təkbətəkdən fərqlənib.
Beləliklə, "Sumqayıt" iki oyunun yekununda 3:2 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Növbəti mərhələdə bu komandanın rəqibi "Keşlə" olacaq. Digər yarımfinal matçında isə "Qəbələ" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Oyunlar 2018-ci il aprelin 11-də və 18-də keçiriləcək.
15 dekabr (cümə)
16:00. "Səbail” – "Qəbələ” - 2:4
Qol: Adrian Popoviçi, 16. Elman Taqayev, 78 - Filip Ozobiç, 22. Ruslan Qurbanov, 44. Famussa Kone, 56. Baqali Dabo, 75
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Bayıl Arena”
İlk oyun - 0:1
19:00. "Sumqayıt” – "Qarabağ” - 2:0
Qol: Kamal Mirzəyev, 22. Amil Yunanov, 90
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”
İlk oyun - 1:2