"Zirə" futbol klubu yaxın vaxtlarda Qabriel Mateylə yollarını ayıracaq. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Onun sözlərinə görə, Qabriel Mateyə Polşa yüksək liqasında çıxış edən "Termalika"dan təklif gəlib. Abbasov rumıniyalı sağ cinah yarımmüdafiəçisinin transferinin yaxın günlərdə rəsmiləşəcəyini bildirib. Əvəzində baş məşqçi həmin mövqeyə "Qarabağ"ın yeniyetmələrdən ibarət komandasının üzvü İbrahim Aslanlının alınmasının gündəmdə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Qabriel Matey "Zirə"yə yayda Polşanın digər təmsilçisi "Qurnik"dən keçib. "Termalika" 1000 nəfərədək insanın yaşadığı Netseça kəndini təmsil edir.