"Ümumi götürdükdə, bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım.
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdikləri yoxlama oyunları haqda deyib:
"Əvvəlcədən də, meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki oyunda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu. İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlərin olması qaçınılmazdır. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib. Komandanın Makedoniyanın "Şkupi" klubu ilə matçı 0:0 hesabı ilə başa çatıb. Ağdam təmsilçisi ikinci matçda Ukraynanın "Mariupol" klubuna 2:3 hesabı ilə uduzub.