Niyə Azərbaycan I Divizionu alverə, bazara çevrilib? Bunun bəzi səbəbləri var. Mən iki səbəb göstərəcəyəm.
Birincisi, futbolçuların maddi gəlirlərinin az olması və ya ümumiyyətlə olmamasıdır. Futbolçulara maaş vermək lazımdır, amma pul yoxdur. Nə etməli? Qərara gəlinir ki, pul qoyuluşu etməklə hansısa oyun verilsin. Təxminən bu formada işi həll edirlər və maddi problemlərini qismən də olsa, həll edirlər. Ağıllı klublar bu işi mümkün qədər gizli görürlər. Qapıçı, bir neçə lider, əsas söz sahibi oyunçular məlumatlandırılır və iş həyata keçirilir.
Komandaların oyun satmalarına şərait yaradan qeyd etmək istədiyimiz ikinci səbəb bəlkə də ən əsasıdır. Ona görə də bunun üzərində daha çox dayanmaq istəyirik. Bu səbəb divizionda stimulun olmamasıdır. Stimul da ona görə yoxdur ki, Premyer Liqaya yüksələn komanda oyunçuların zəhməti hesabına birinci yeri tutan deyil, göstərişlə seçilən komanda olur.
Divizionda birinci yeri tutan komanda elita sayılan Premyer Liqaya yüksəlmirsə, onda bu yer böyük ölçüdə bir şey vermir. Əksinə, üst liqaya çıxmalarına icazə verilmədiyindən, məyusluq, ümidlərin boşa çıxması kimi hisslər gətirir ki, bu da xoş deyil. Xoş olmayan hisslərdən isə qaçmaq lazımdır. Bunun üçün də komandalar stimul kimi birinci yeri tutmağı yox, pul qazanmağı əsas götürürlər. Və başlayırlar oyun satmağa.
Başa düşmək lazımdır ki, yarışın keçirilmə məqsədi olmalıdır. Keçən il nə qədər oyun satmaqda şübhəli bilinən komandalar yarışdan kənarlaşdırıldı. Nə oldu? Şübhəli oyunlar qalmadı? Təbii ki, qaldı. Niyə qaldı? Çünki komandaları yarışdan kənarlaşdırmaq problemin kökü deyil. Oyun satmaqda şübhəli bilinən komandaları kənarlaşdırmaq budaqları kəsmək kimi bir şeydir. Bu xəstəlik kökündən qoparılmasa, məsələ həll olunmaz!
Səbəblərin kökünü isə axtarıb taparaq, bunları həll etmək lazımdır. Zatən vəzifə kürsüsünə işçi bunun üçün dəvət edilir və ya seçilir. Bu dəvət edilən və ya seçilən adamlar da işlədityi sahəni dərindən bilən və İQ səviyyəsi yüksək olan peşəkarlar olmalıdır ki, belə problemlər ortaya çıxdıqda bilikləri və intellektləri hesabına bunları çözüb həll edə bilsinlər.
Təbii ki, biz proseslərin içində deyilik və kənardan baxırıq. Kənardan baxdıqda isə görünən səbəbləri qeyd etdik. Bunlar maddi imkansızlıq və stimulun olmamasıdır. Maddi imkansızlıq hardasa klubların problemidir və tam həlledici amil deyil. Amma stimulun olmaması klubların problemi deyil, oyun satılmasına təkan verən əsas amillərdən bəlkə də birincisidir. Stimullu yarışı isə yarışı keçirənlər təşkil etməlidir. Təşkil edə bilmirlərsə, deməli, qeyri-peşəkardırlar.
Deyə bilərsiniz ki, yaxşı, tutaq ki, stimullu yarışa şərait yaradıldı və Divizionda birinci yeri tutan komandanın Premyer Liqaya yüksəlməsinə icazə verildi. Nə olacaq ki? Bu zaman maksimum 5-6 komanda bu yer uğrunda mübarizə aparacaq. Bəs qalanları? Qalanlarının ki, stimulu olmayacaq, onda necə olacaq, oyun satılmayacaq?
Bilirsiniz, bunlar artıq detallardır. Birincisi, 5-6 komanda Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparırsa, bu, artıq o deməkdir ki, bu qədər sayda komanda oyun satmayacaq. Bu da qismən də olsa, problemin qarşısını ala bilər.
İkincisi, cədvəli elə tərtib etmək olar ki, bir yox, bir neçə yer Premyer Liqaya yüksəlmək şansını versin. Məsələn, I Divizionda 2-3-cü yerləri tutan komandalar Premyer Liqanın axırdan 2-3-cü yerləri tutan komandaları ilə keçid turnirində qüvvələrini sınasınlar. Belədə daha çox komanda yüksək yerlər uğrunda mübarizəyə qoşulacaq. Bundan başqa Region Liqası keçirilir. Bu liqanı II Divizion adlandırmaqla I Divizionda sonuncu yeri və ya yerləri tutan komandaların bura düşəcəyini təsdiqləyən reqlament tərtib edərək aşağı yerlərə düşməmək üçün stimul yaratmaq olar.
Belə bir sual da meydana çıxa bilər ki, komanda sayı çox olarsa, yüksək dəstəyə şansı qalmayan və aşağı liqaya düşməmək vəzifəsini həll etmiş, orta mövqelərdə qərarlaşan komandaların çempionatın sonuna yaxın stimulu da qalmayacaq və belədə onlar oyun sata bilərlər. Bu halda yarışları iki və ya daha çox zonada keçirməklə hər bir komandanın yüksək yerlər uğrunda yarışmasının əhəmiyyətini saxlamaq mümkündür. Bu, həm də kasıb komandalar üçün maddi cəhətdən əlverişli olacaq. Yol xərci, yemək və s. kimi səbəblərə görə.
Yenə qeyd edirəm: bunlar detallardır. Hamısını bir-bir oturub çözmək lazımdır. Təbii ki, oyun alqı-satqısı problemini tam həll etmək mümkün deyil. Bütün dünyada bu problem var və zaman-zaman yüksək ranqlı turnirlərdə nəticəsi qəribə görünən oyunlarla rastlaşırıq. Amma belə halları minimuma endirmək mümkündür. Bunun üçün də düzğün, gərəkli addımlar atılmalıdır. Gərəkli və düzgün addımları atmaq isə yarışın təşkilatçılarının bilavasitə vəzifəsidir.