
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Ukrayna yığmasına 1:2 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçının hakimliyindən narazı qalıb.
Sportnet.az xəbər verir ki, bu barədə 44 yaşlı mütəxəssis qarşılaşmanın ardından mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, 45-ci dəqiqədə Ruslan Malinovskinin Emin Mahmudovun sifətinə zərbə endirdiyi epizoda VAR-da baxılmalı və potensial qırmızı vərəqə yoxlanılmalı idi.
Abbasov həmin epizod zamanı hadisə yerinədək irəliləyən və sarı vərəqə alaraq, cəzalı duruma düşən qapıçı Şahrudin Məhəmmədəliyevlə bağlı da danışıb: "Şahrudin İslandiyaya qarşı növbəti oyunumuzu buraxacaq. Nə edək? Düzdür, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik".
Baş məşqçi millidə yerli futbolçu qıtlığının yaranmasında azərbaycanlı oyunçuların özlərinin də günahkar olduğunu bildirib: "Onlar da qərar verməlidir ki, klubda oynamaq ehtimalı azdırsa... Rüstəm Əhmədzadəni bu gün alqışlamalıyıq. "Sumqayıt"a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdırlar. İddialı klublardan getmək istəmirlər, rahatdırlar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq".
Qeyd edək ki, qarşılaşmanı Sebastyan Gismayerin rəhbərliyi altında avstriyalı hakimlər briqadası idarə edib.