"İlk növbədə, "Sabah”ın azarkeşlərini və komanda yoldaşlarımı təbrik edirəm. Futbolçularımız var gücləri ilə mübariə apardılar”.
Sportnet.az xəbər verir ki,bunu Topaz Premyer Liqasının IV turunda "Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən "Sabah”ın qapıçısı Saşa Stamenkoviç deyib. 33 yaşlı serbiyalı oyunçu bildirib ki, əsas məsələ kimin yaxşı oynaması yox, 3 xal qazanmasıdır: "Əsas məsələ bizim əlimizə düşən fürsəti dəyərləndirməyimizdir. Meydanda kimin daha yaxşı olması önəmli deyil. Əlbəttə, ikinci hissədə "Qəbələ” daha yaxşı çıxış etdi. Lakin xüsusən də 76-cı dəqiqədə Məqsəd İsayevin qırmızı vərəqə almasından sonra komanda xarakter göstərdi və sona qədər qələbə hesabını qoruduq. Uşaqlar çox ürəklə oynadılar. "Sabah” axıra qədər əzmlə mübarizə aparacaq. Komandanın neçənci yeri tutacağını mövsümün sonunda görəcəyik”.
Stamenkoviç 6 qolla bombardirlik yarışında lider olan komanda yoldaşı Marko Deviç barədə də xoş sözlər deyib: "Azərbaycan indiyədək Deviç kimi hücumçu görməyib. Burada çox yaxşı futbolçular olub. Amma bu cür kiçik komanda ilə qolları sıralayan olmayıb. "Mançester Yunayted”in skautu olsaydım, onu dərhal komandaya dəvət edərdim”.
Qeyd edək ki, "Sabah” cari çempionatda 4 oyundan 9 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.