Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə ilk avtoqol qeydə alınıb.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, VI turun "Sumqayıt” – "Zirə” (1:0) matçına təsadüf edib.
Meydan sahibləri 3 xalı qəsəbə təmsilçisinin müdafiəçisi Adil Nağıyevin topu öz qapısından keçirməsi hesabına qazanıb. Mövsümün əvvəlki 23 görüşündə avtoqol qeydə alınmadığı üçün Nağıyev ilk dəfə uğursuzluğa düşən oyunçu olub.
Ümumilikdə isə "Zirə”nin futbolçuları Premyer Liqa tarixində 3-cü dəfə avtoqola üzülüblər. "Sumqayıt” isə 7-ci dəfə rəqib qoluna şahidlik edib.
Bu, "Zirə” və "Sumqayıt” arasında duellərdə 3-cü avtoqoldur. 2015/16 mövsümündə Cəmil Hacıyev ("Sumqayıt”), ötən çempionatda isə Jozef Bum ("Zirə”) belə uğursuzluq yaşayıb.
Qeyd edək ki, "Sumqayıt” – "Zirə” görüşündə qol ilk olaraq "Sumqayıt”ın üzvü Atilla Yıldırımın aktivinə yazılsa da, oyunun baş hakimi Vüqar Həsənlinin Peşəkar Futbol Liqasına ünvanladığı raporta əsasən matçın yekun protokolunda dəyişiklik edilib.