"Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibin gücü, səviyyəsi bəllidir. Oyunun çox hissəsinə meydan sahibi nəzarət edirdi. Biz də komanda şəklində yaxşı müdafiə olunub rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Futbolçularımı inandıqları və sonadək mübarizə apardıqları üçün təbrik edirəm. Oyun çətin keçsə də, təslim olmurdular. Bu, onların gələcəyi üçün çox önəmlidir".
Sportnet.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Sadıqov səfərdə Norveçlə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə oyunu barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
36 yaşlı mütəxəssis komandada qapıçı Kamran İbrahimovu fərqləndirib: "Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi".
Sadıqov son oyunlarda atdığı addımlardan da danışıb: "Son 4 oyunda risk edərək 5-6 gənc oyunçunu meydana buraxdıq. Nəticəyə fikir vermədən daim onlara şans verdik. Bu qarşılaşmada da 5 gənc futbolçu oynamaq şansı qazandı. Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq. Bununla paralel olaraq çalışırdıq ki, milliyə namizəd olan oyunçuları əsas heyətdə oynadaq. Bu barədə daim milli komandanın baş məşqçisi Qurban Qurbanovla müzakirə aparırıq. Son 5 oyunda bir çox oyunçu debüt etmək imkanı qazandı. Əlimizdən gələni edəcəyik ki, növbəti seçmə mərhələyə komandanı daha yaxşı hazırlayaq”.
Qeyd edək ki, Azərbaycanın U-21 yığması V qrupda mübarizəni 3 xalla sonuncu pillədə başa vurub.