"Qarşılaşma barədə deyiləcək çox şey yoxdur. Ən zəif oyunlarımızdan birini keçirdik. Heyətdə problemlərimiz var idi. Bu, hiss olunurdu. Kərim Diniyevin yoxluğu müdafiənin mərkəzində, Marko Deviçin olmaması isə irəli xətdə özünü göstərirdi. Elşən Abdullayevlə Məqsəd İsayevin də zədəsi var idi. Düzdür, bunlar bəhanə deyil. Sadəcə, itkilər oyunda özünü göstərdi. "Səbail” matça ciddi hazırlaşmışdı. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov evdə "Səbail"ə 0:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Mikayıl Cabbarov ikinci dəfədir oyununuza gəlmişdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz...
- Ayağı düşərli olub-olmadığı söhbətləri yoxdur. "Sumqayıt"la oyuna da ciddi hazırlaşmışdıq. Amma futbolçularımız əks-hücumlara hazır deyildilər.
- Müdafiədəki boşluqlar nəticəsində qollar buraxdınız. Bu, nədən irəli gəlirdi?
- Cinahda oynayanlar Elşən Abdullayev və Məqsəd İsayev idi. Onlar da tam hazır deyildilər. İrəlidə oynadığımızdan, boşluqlarımız buradan qaynaqlanırdı. Mərkəzdə Kərim Diniyevin olmaması özünü göstərdi. İtkilərimizin olması özünü göstərdi.
- Marko Deviçin olmaması özünü göstərdi?
- Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil.