"Oyuna çox ciddi hazırlaşmışdıq. "Sabah” komandası elitada ilk dəfədir çıxış etməsinə baxmayaraq, çox yaxşı oyun göstərir. Bu matç bizim üçün vacib idi. Üç xal qazandıq və "Sabah”dan aralandıq.
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail” komandasının kapitanı Rahid Əmirquliyev səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra deyib.
- Sanki "Səbail” öz oyunu ilə nəyisə sübut etməyə çalışır. Bu nə ilə əlaqədardır?
- Son vaxtlar söz-söhbətlər gəzir ki, biz texniki qələbələrlə xal qazanırıq. Ona görə də biz meydanda öz oyunumuzu göstərib qələbə qazanmağa çalışırıq. Amma deməzdim ki, biz nəyisə sübut etməyə çalışırıq.
- Əks hücumlarda bu gün yaxşı oynadınız, rəqibin də müəyyən səhvləri oldu. Oyundan əvvəl belə taktika qurulmuşdu? "Sabah" qol vurduqdan sonra geri çəkilən komandadır...
- Oyunu təhlil etmişdik. Rəqibin öz meydanında pressinqlə oynadığını bilirdik. Özümüz belə taktika ilə oynadıq və "Sabah"ı əks-hücumlarda yaxaladıq. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik və qələbə qazandıq.
- İştah diş altda olur, artıq "Qarabağ"a çatmısınız. Hər iki komandanın 20 xalıvar və 2-3-cü pillələri bölüşürsünüz...
- Düzdür, hər şey ola bilər. Biz də hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Nə qədər yuxarı pilləyə qalxsaq, bizim üçün o qədər yaxşıdır. "Qarabağ" güclü rəqibdir, onlarla mübarizə aparmaq bizim üçün bir az çətindir. Ancaq hər oyuna qələbə üçün çıxırıq. Sonda nə olacağını görəcəyik.
- Bu çempionatda "Qarabağ" və "Neftçi" digərlərindən aşkar üstünüdür?
- İndiki halda görünür ki, favorit "Qarabağ" və "Neftçi"dir. Onlar digər klublardan güclüdür. Amma gələcəkdə bu dəyişə bilər.
- Şəxsi planda öz formanızdan razısınız?
- Hər oyun daha yaxşı oynamağa çalışıram. Formada olub-olmadığımı kənardan baxan izləyicilər bilər. Mən bacardığım qədər komandama kömək etməyə çalışıram.
- Bu gün Qurban Qurbanov da oyunu izləyirdi, milliyə dəvət almağı gözləyirsinizmi?
- Milliyə dəvət oldu-olmadı mən özüm üçün çalışıram. Çağırıb-çağırmamaq baş məşqçimizin qərarıdır.
- Son dövrlərdə milliyə çağrılsanız da ehtiyyatda qalmısınız...
- Düzdür, hər futbolçu meydanda olmaq istəyir. Amma bu məşqçinin qərarıdır və buna hörmət edirəm.
- Millinin növbəti oyunları haqda nə düşünürsünüz?
- Əvvəlcə Bakıda Farer Adalarını məğlub edib, Kosovo yığması ilı oyunu düşünməliyik. Çünki əgər evdə keçirdiyimiz oyunda xal itirsək, bizim üçün hər şey bitə bilər.
- Malta qrupdakı hər komandaya qol vuraraq büdrədə bilir. Onlar Kosovonu da büdrədə bilərmi?
- Malta bizimlə Bakıdakı oyunda da göstərdi ki, sürpriz edə bilər.