"Milli komandaya dəvət alırıqsa, oynamağa hazırıq. İlk hissənin sonlarında mənə edilər ki, meydana çıxmağa hazırlaş. Mən də isinmə hərəkətləri etməyə başladım və fasilədən dərhal sonra qapıda yerimi tutdim. Rəqib məni çox narahat etmədi. Qələbə qazanmışıqsa, əlbəttə, baş məşqçimiz bizdən razı qalıb".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. O, fasilədən dərhal sonra əvəzlədiyi əsas qapıçı Kamran Ağayevin son durumundan məlumatsız olduğunu söyləyib: "İndi oyundan çıxmışam. Bilmirəm ki, Kamranın zədəsi nə dərəcədə ciddidir. Amma ayağında ağrıları var idi. Milliyə dəvət alırıqsa, mən də, Emil Balayev də hər an oynamağa hazır olmalıyıq".
28 yaşlı qolkiperin sözlərinə görə, qrupun digər oyununda Kosovonun səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəlməsinin fərqinə varmayıblar: "Əsas öz oyunumuzu fikirləşirik. Kosovo ilə səfərdə çətin matçımız qalıb. Öz oyunumuza köklənib yaxşı nəticə qazana bilərik. İnanıram ki, əlimizdən gələni edərək qələbəyə nail olacağıq. Başqa yolumuz yoxdur".
Səlahət Ağayev həmçinin bildirib ki, noyabrın 20-də Priştinadakı həlledici matçda qapıda həmsoyadını əvəzləməyə hazırdır: "Allah eləsin ki, Kamran vəziyyəti yaxşı olsun. Futbolçudur, heç kim istəməz ki, zədə alsın. Mənə ehtiyac olarsa, ilk dəqiqələrdən oynamağa hazıram".
Qeyd edək ki, Səlahət Ağayev milliyə "Neftçi"dən dəvət alıb.