"Gərgin oyun keçdi. Düşünürəm ki, qalib də gələ bilərdik. Amma qələbəni əldən verdik. Belə rəqiblə görüşdə 1:1 hesablı heç-heçə yaxşı nəticədir. Bizim hələ ki, bir məqsədimiz var. O da bu mövsüm Premyer Liqada qalmaqdır. Komandamı təbrik edirəm. Qarşıdakı "Neftçi” ilə matça qələbə üçün çıxacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" klubunun futbolçusu Cavid İmamverdiyev Topaz Premyer Liqasının XII turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib. 28 yaşlı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb.
- Vurğuladınız ki, qələbə də qazana bilərdiniz. Amma ikinci hissədə müdafiədə oturmuşdunuz...
- Ən azı, qol buraxmasaydıq, qalib gələcəkdik. Hətta ikinci qolu da vura bilərdik. Amma alınmadı. Sadəcə, qolu buraxmasaydıq, matç 1:0 hesabı ilə bizim xeyrimizə başa çatacaqdı.
- "Sabah" bu matçda iki xal itirdi?
- Xeyr. Belə düşünmürəm. "Qarabağ” kimi komanda ilə heç-heçə oynamaq bizim üçün yaxşı nəticədir.
- Növbəti turda "Neftçi” ilə oynayacaqsınız. Həmin matç barədə nə deyə bilərsiniz?
- Nə olursa-olsun, əlimizdən gələni edəcəyik ki, "Neftçi” ilə görüşdə qələbə qazanaq. Komandama inanıram. Bunu edə bilərik.
- Komandanın bombardiri Marko Deviç də zədəsini sağaldaraq sıraya dönür...
- Açığı, o barədə məlumatım yoxdur. İnanıram ki, tez sağalar. Onun hücum xəttində olması bizim üçün böyük üstünlükdür.