“Bu rəqibimiz hazırda Macarıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Belə komandaya qarşı futbolçular da həvəslə oynayırlar".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Elşad Əhmədov Türkiyənin Antalya bölgəsində Macarıstan MTK-sını 3:1 hesabı ilə yendikləri yoxlama matçından sonra deyib. 49 yaşlı mütəxəssis hesabda geri düşmələrinə rəğmən, qələbəyə nail olduqlarını bildirib: "İlk 45 dəqiqə demək olar, bizim tam üstünlüyümüz şəraitində keçdi. Hesab 0:0 olan zaman 3 real qol fürsətini dəyərləndirə bilmədik. Əvəzində, rəqib əks-hücumda bizə qol vurdu. Ancaq tezliklə hesabı bərabərləşdirərək, oyunda üstünlüyü ələ ala bildik. Rəqibin sürətli futbolçuları var idi. Lakin buna baxmayaraq, ilk hissəni 2:1 öndə başa vurduq. Fasilədə bir neçə əvəzetmə elədim. Bütün futbolçuları sınamaq istəyirdik. Təlim-məşq toplanışında oyunçuların hazırlığını görmək üçün bu, bizim üçün vacib idi. İkinci hissədə meydana çıxan futbolçular da oyundan düşmədilər. Matçın ritmini əlimizdə saxladıq. Tam olmasa da, qol fürsətlərimizdən istifadə etməyi bacardıq. Yekunda 3:1 qalib gəldik. Komandamın oyunundan tam razı qaldım”.
Qeyd edək ki, əvvəlki yoxlama oyunlarında Türkiyə "Eskişehirspor"una 1:0 hesabı ilə qalib gələn "Sabah" Qazaxıstan "Tobol"u ilə bərabərə qalıb - 2:2.