
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ikinci matçında çempionatın debütantı “Sabah” “Qarabağ”ı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə ilk qol 19-cu dəqiqəyə təsadüf edib. “Qarabağ”ın heyətində Reynaldo Silva cərimə zərbəsini dəqiq yerinə yetirib. 72-ci dəqiqdə isə Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov avtoqol müəllifi olub.
77-ci dəqiqədə isə meydan sahiblərinin heyətində Erik Ramos ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran “Qarabağ” bir günlük də olsa, lider “Neftçi” ilə xallarını bərabərləşdirib. “Sabah” isə 21 xalla beşincidir.
Qeyd edək ki, günün digər oyununda “Qəbələ” evdə “Keşlə” ilə heç-heçə edib. Tura sabah keçiriləcək “Neftçi” – “Səbail” və “Sumqayıt” – “Zirə” oyunları ilə yekun vurulacaq.
----------------------------------------
Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" və "Keşlə" komandaları qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qolsuz bərabərliklə yekunlaşıb. Sönük keçən qarşılaşmada tərəflər təhlükəli vəziyyətlər yaratmaqda belə çətinlik çəkiblər. Azsaylı imkanlar isə nəticəsiz qalıb.
Bu nəticədən sonra "Qəbələ" xallarını 24-ə çatdırsa da, 4-cü pillədə qalıb. Xallarını 16-ya yüksəldən "Keşlə" isə yenə 6-cıdır.
Qeyd edək ki, günün növbəti matçında "Sabah" və "Qarabağ" komandaları "Əlincə Arena"da üz-üzə gələcəklər. Görüş saat 16:30-da başlanacaq. Tura fevralın 24-də keçiriləcək "Neftçi" - "Səbail" və "Sumqayıt" - "Zirə" qarşılaşmaları ilə yekun vurulacaq.
----------------------------
Bu gün keçiriləcək 2 oyunla Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" “Keşlə”ni qəbul edəcək. Qonaqlar ötən tur evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etməklə qış fasiləsindən sonra ilk qələbələrini qazanıblar və son pillədən qurtulublar. Ancaq 15 xalla 6-cı sırada olan paytaxt klubu sonuncu yerdəki “Zirə”ni cəmi 1 xal qabaqlayır. “Qəbələ” isə 23 xalla 4-cü mövqedədir.
“Qəbələ” və “Keşlə” indiyə qədər ölkə çempionatlarında 42 dəfə qarşılaşıblar. “Qırmızı-qaralar” bunlardan 12-də qalib gəldikləri halda, 14-də uduzublar. Əyalət təmsilçisi bu rəqiblə son 9 oyunda meydanı qolsuz tərk etməyib. Son 4 görüşdə hər iki komanda qol vurub. “Keşlə” 13 matçdır “Qəbələ”yə qalib gələ bilmir.
Günün digər oyununda debütant “Sabah” çempion “Qarabağ”ı qəbul edəcək. Hazırda 20 xalla 5-ci yerdəki meydan sahibləri son 2 matçda uduzublar. Qonaqlar isə əksinə, qış fasiləsindən sonra yalnız 38 xalla lider olan “Neftçi” ilə 1:1-lik heç-heçə etməklə xal itiriblər. Ağdam təmsilçisi 37 xalla 2-ci sıradadır.
İlk dövrədəki qarşılaşmalarda eyni sayda – 2 top vurulub. “Qarabağ” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi halda, evdə debütantın müqavimətini qıra bilməyib – 1:1.
Azərbaycan Premyer Liqası
XVIII tur
23 fevral (şənbə)
14:00. “Qəbələ” – “Keşlə” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
İlk iki dövrə - 1:1, 2:1
16:30. “Sabah” – “Qarabağ” - 1:1
Qol: Bədavi Hüseynov, 72 - Reynaldo, 19
Qırmızı vərəqə: Erik Ramos, 77
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”
İlk iki dövrə - 0:2, 1:1