
"UEFA Millətlər Liqasındakı son nəticələr azarkeşləri məyus etdi. Biz də bunu anlayırıq. Çünki qrupda birinci yer tutmaq, sonra isə dördlər finalında qalib gələrək, final mərhələsinə yüksəlmək baxımından bu, real şans idi. Nəticə bizi də, futbolçuları da məyus etdi. Hansısa oyunda uğur tərəfimizdə olmadı, hansısa qarşılaşmada peşəkarlıq, əzmkarlıq, ustalıq çatışmadı. Sonda qrup birincisi ola bilmədik. Nəticədə komandamız asan şansı itirdi".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov CBC Sport-a müsahibəsində deyib. Milli assosiasiya rəsmisi Qurban Qurbanovun milli komandanın baş məşqçi postundan istefaya göndərilməsini belə əsaslandırıb:
"AFFA rəhbərliyinin qərarı heç vaxt emosional, tez olmur. Bu, təhlil və müzakirələrdən, AFFA Məşqçilər Komitəsi ilə məsləhətləşmələrdən sonra qəbul olunur. Qurban Qurbanov həmin anda ən yaxşı nəticə göstərmiş baş məşqçi idi. Qərarın fundamenti olaraq, götürülmüşdü ki, bir klub və bir millidə işləsin. İcraiyyə Komitəsinin bəzi üzvləri iki yerdə çalışmağın çətin və mümkünsüz olacağını bildirmişdilər. Lakin Qurban müəllim cəsarət göstərdi və məsuliyyət anladığını bildirdi. Buna görə Qurbanova təşəkkürümüzü bildiririk. Uzunmüddətli çalışmağı düşünürdük. Müqavilə isə 2 illik idi və hər tsikldə uzatmaq imkanımız var idi. Milli komanda bu dəfə qısa müddətdə çoxlu oyunlar keçirdi. Halbuki yığma 18 aylıq seçmə tsiklə öyrəşib. Millətlər Liqasında 1-ci yeri tutmayanda İcraiyyə Komitəsi düşündü ki, həm yığmanı, həm də "Qarabağ"ı itirə bilərik. Bunu nəzərə alaraq, İcraiyyə Komitəsi üzvlərində şübhə yarandı. Bu gün bütün futbola məsuliyyət daşıyırıqsa, klubları da düşünməliyik. Bizə güclü klublar, güclü çempionat lazımdır. Məşqçilər Komitəsi və digər ekspertlərlə məsləhətləşmələrdən sonra qərara aldıq ki, müqaviləyə xitam verilsin".
Baş katib millinin nəticələrindən razı olmadıqlarını da diqqətə çatdırıb: "Milli komanda tsikldən-tsiklə daha yaxşı nəticələr göstərib. Berti Foqtsla 9, Robert Prosineçki ilə 10 xal qazanmışıq. 4 oyundan sonra 7 xalımız var idi və qrupdan çıxacağımıza ümid edirdik. Amma biz nəticələrdən razı deyilik. O vaxt razı olardıq ki, final mərhələsində iştirak edək və ya qrupda 2-3-cü yeri tutub "pley-off"a çıxaq. Təbii ki, dünya çempionatına vəsiqə qazanmaq daha çətindir. Avropa çempionatı üçün kvota 24-dür və bu, daha rahatdır. UEFA-ya üzv ölkələrin 46 faizi final mərhələsinə vəsiqə qazanır. 2012-ci ildən klublarımız sabit olaraq, avrokubokların qrup mərhələsinə vəsiqə qazanırlar. Bu nəticələr Premyer Liqada legioner limiti tətbiq olunduqdan sonra gəlməyə başladı".
Məmmədov Qurbanovla Premyer Liqanın "Qarabağ" - "Sabah" oyunundan əvvəl çəkilən şəklini də şərh edib: "Bu fotonun məşhurlaşacağını düşünmürdüm. Oyundan öncə düşündüm ki, birbaşa "skybox"a qalxsam, saymazlıq çıxar. Həmin oyunda "Qarabağ" "Sabah"ı uda bilmədi. Fikirləşdim ki, indi "Qarabağ" üçün düşərli olmadığımı fikirləşəcəklər".