"Qalatasaray" komandası Türkiyə Super Liqasında XXIV tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib "Erzurumspor"la üz-üzə gəlib. "Sarı-qırmızılar" səfər matçında qələbəyə nail ola bilməyiblər - 1:1. Hesabı 18-ci dəqiqədə meydan sahiblərindən Rəşad Məhəmməd açıb. "Sarı-qırmızılar" 52-ci dəqiqədə Yunes Belhandanın qolu ilə bərabərliyə nail olublar.
Bu matçda "Erzurumspor"un qapıçısı İbrahim Şehiç bir neçə qurtarışı ilə diqqət çəkib. "Qarabağ"ın sabiq qolkiperinin inamlı oyunu sayəsində "Erzurumspor" meydanı xalla tərk etməyi bacarıb.
"Qalatasaray"ın xal itkisindən lider "Başakşehir" lazımınca yararlanıb. Abdullah Avcının baş məşqçi olduğu komanda səfərdə "Yeni Malatyaspor"u 2:0 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra "Başakşehir" 54 xalla birinci, "Qalatasaray" isə 46 xalla ikinci pillədə qərarlaşıb.