
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, gənc mütəxəssis öncə qarşılaşmanı dəyərləndirib.
- Aydın məsələdir ki, gərgin, mübarizəli oyun gözləyirdik. Çünki "Neftçi"yə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. Çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq. Xarakter göstərdik, futbolçularımızın sonadək vuruşmaları sevindiricidir. Onları bu xal münasibətilə təbrik edirəm.
- Çempionatda, yoxsa kuboka daha çox güc qoymaq fikrindəsiniz?
- Hər iki turnirdə mübarizə aparmağa çalışacağıq. Futbolçularımız üçün "Səbail"lə matçdan sonra hazırlıq üçün vaxt az idi. Düzgün bərpa olundular.
- Elvin Camalovun əvəzlənməsi nə ilə bağlı idi?
- Onun ilk hissədən sonra kiçik zədəsi oldu. Qorxduq ki, daha ağır olar. Elvin əsas heyət üzvlərimizdəndir, meydanda böyük iş görür. Onu əvəzləyən Sabien Lilay da yaxşı təsir bağışladı.
- Milliyə "Qəbələ"dən heç bir futbolçunun çağırılmaması sizi təəccübləndirdi?
- Əlbəttə, bizi də təəccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun modelinə görə bu futbolçuları üstün tutub. Bütün yerli oyunçularımızı miliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Raif Əliyev də sübut etdi ki, milliyə layiqli futbolçudur. İnanıram ki, futbolçularımız gələn oyunlara dəvət alacaqlar.
- Voislas Stankoviçinm zədəsi nə yerdədir?
- Artıq fərdi məşqlərə başlayıb. Bu fasilədə tam bərpa olunaraq komandaya qoşulaşacaq.