"Bizim üçün gözlənilməz nəticədir. İlk hissədə aparıcı tərəf olmağa çalışırdıq. Hesabda 1:0 öndə olanda da növbəti qolu vurmağa çalışırdıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Səbail" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssisin sözlərinə görə, rəqib hesabı bərabərləşdirəndən sonra komandasının oyununda balans itib: "Nəticəyə rəğmən, sonacan vuruşacağıq".
Baş məşqçi 72-ci dəqiqədə zədələnən hücumçu Mirabdulla Abbasovun əvəzinə müdafiəçi Tural Axundovu oyuna daxil etməsinə belə şərh verib: "Mirabdullanın yerinə Sansoneni buraxa bilməzdim. Çünki limit pozulardı. Rəqib də hücumlar təşkil edirdi. Abbasovun zədələnməsi qırılma nöqtəsi oldu. Məcbur qalıb sistemi də dəyişdim. Rəqibin ehtiyat oyunçular skamiyasının qolları çılğınlıqla qeyd etməsinə siz şərh verə bilərsiniz. Biz ilk dəqiqələrdən sona qədər qələbə haqda düşünürdük. Rəqib yaxşı müdafiə olunurdu".
Təcrübəli mütəxəssis cəzalı olduğu üçün oynamayan Emin Mahmudovun yoxluğunun hiss olunduğunu vurğulayıb: "O, komandanın lideridir, simvoludur".
Bordin "Neftçi"nin qorxaq futbol sərgiləməsi ilə bağlı iradı qəbul etmədiyini deyib: "Komandam titula layiqdir. Qorxaq futbol sərgiləmir. İllərdir futbolun içindəyəm. Köməkçi də olmuşam, baş məşqçi də işləmişəm. Biz ikinci yer üçün mübarizə aparmırıq. Sona qədər də çempionluq mübarizəsində yer alacağıq".