"Futbolda belə hallar olur. Hesabı açdıq. Başa düşmədik necə oldu ki, iki qol buraxdıq".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Səbail" ilə 2:2 hesablı heç-heçəni şərh edərkən deyib.
Gənc hücumçunun sözlərinə görə, "Neftçi" çempionluq şansını itirməyib: "Yaxşı ki, sonda bir qol vurduq və matç bərabərliklə yekunlaşıdı. Hesab bizə sərf etməsə də, heç-heçə uduzmaqdan yaxşıdır. Qarşıda 4 oyun var, hələ heç nə itirilməyib. Çempion ola bilərik. Səhvlərimiz üzərində işləyəcəyik".
Abbasov deyib ki, komandasının çempion olacağına inanır: "Psixoloji cəhətdən hazır olmalıyıq. Öz futbolumuzu sərgiləməliyik. Komandamıza inanıram. Çempion ola biləcək gücdəyik. İnanıram ki, "Neftçi" azarkeşləri çoxdandır gözlənilən çempionluğu bayram edəcəklər. Son vaxtlar az oynamağım baş məşqçinin seçimidir. Nə qədər oynasam əlimdən gələni edirəm".
Qeyd edək ki, "Qarabağ" 54 xalla liderdir. İkinci sıradakı "Neftçi"nin isə 52 xalı var.