Almaniyanın "Ayntraxt" komandası yeni mövsümün əvvəlində bəzi çətinliklərlə üzləşə biləcəyindən ehtiyatlanır.
Sportnet.az "Bild"ə istinadən xəbər verir ki, Frankfurt təmsilçisi Avropa Liqasının II və III təsnifat mərhələsinin oyunları üçün uzaq məsafələr qət etmək məcburiyyətində qala bilər.
Son Avropa Liqasının yarımfinalçısı yeni mövsüm üçün təlim-məşq toplanışına iyulun 3-də start verəcək. Komanda daha sonra 782 km məsafə qət edərək İsveçrəyə hazırlıq prosesinə yollanacaq. Bundesliqa təmsilçisinin heyətində qvineyalı Simon Falette Afrika Millətlər Kubokunda, serbiyalı Deyan Yoveliç 21 yaşadək futbolçuların Avropa çempionatında iştirak edəcəyi üçün komandaya gec qoşulacaq.
"Ayntraxt" əsasən Avropa Liqasında qarşılaşacağı rəqiblərdən ehtiyatlanır. Komanda bu turnirdə mübarizəyə üçüncü təsnifat mərhələsindən başlayacaq.
Almaniyalıların II təsnifat mərhələsində Qazaxıstan "Kayrat"ı ilə üz-üzə gəlmək ehtimalı var. Bu, reallaşsa, kollektiv 10 min 156 km-lik səfər reallaşdıracaq.
Azərbaycan təmsilçisi "Qəbələ"nin də bu komanda ilə qarşılaşma ehtimalı var. Əyalət təmsilçisi üçüncü mərhələyə vəsiqə qazansa, frankfurtlular 6 min 352 km qət edərək Bakıya gələcək.
Klub rəsmisi Fredu Bobiç təsnifat mərhələsinin komanda üçün çox çətin dövr olacağını deyib. "Ayntraxt"ın əfsanəvi futbolçusu Karl-Haynts Körbel isə komandanın çətin mövsüm keçirəcəyini söyləyib.
Qeyd edək ki, "Ayntraxt" Bundesliqada 2018/2019 mövsümünü 54 xalla 7-ci pillədə başa vurub. Çempionatda yeni mövsüm avqustun 16-da başlayacaq. Kollektiv avqustun 9-da isə ölkə kubokunda ilk oyununu keçirəcək.