"Səbail" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Rumıniyanın "Krayova" klubu əvvəlki adı "Universitatya"nı özünə qaytarıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Rumıniya Futbol Federasiyasının (FRF) İcraiyyə Komitəsi qərar çıxarıb. Qərara əsasən, "Krayova" yarışlar zamanı "Universitatya" adından yararlana bilər.
2011-ci il iyulun 20-də FRF "Universitatya"nı ölkə çempionatından müvəqqəti kənarlaşdırıb. Səbəb kimi klubun sabiq baş məşqçisi Viktor Pitsurke ilə idman mübahisəsini vətəndaş məhkəməsində həll etməklə, federasiyanın əsasnaməsini pozması göstərilib. 2014-cü ildə bu klub dağılıb və onun əvəzinə "Krayova" yaradılıb.
Qeyd edək ki, "Səbail" ilk oyunu iyulun 11-də evdə, cavab görüşünü isə iyulun 18-də səfərdə keçirəcək.