
"Üç həftə ərzində yaxşı hazırlıq keçmişik. Sabahkı qarşılaşmada rəqibi üstələməyə çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Albaniya "Partizani"sinin kapitanı Alban Hoca Tiranada "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. 32 yaşlı qapıçı bildirib ki, Azərbaycan təmsilçisi "Partizani"nin əvvəllər qarşılaşdığı rəqiblərindən üstündür: "Hətta "Maribor"un da güclü olduğunu deyirdilər. Amma biz meydanda sloveniyalılarla bərabər oyun sərgiləyirdik. "Ferentsvaroş"la ilk oyunumuzdan sonra mərhələ adlayacağımızı heç kim gözləmirdi. "Qarabağ" isə əvvəllər qarşılaşdığımız komandaları geridə qoyur. Lakin müsbət nəticəyə ümid edirəm".
Hazırda ilk oyunu düşündüklərini söyləyən Hoca penalti seriyasına da hazır olduğunu vurğulayıb. Təcrübəli qolkiper komandada özündən də yaxşı penalti vuranların olduğunu iddia edib: "Xahiş etsələr, özüm də penalti vuracağam. Ümidvaram ki, cütün taleyini penaltilər seriyası həll edəcək. Bu, gözəl olacaq. Çünki penaltilər mənim əlimdədir. Amma iki oyun var, ilk növbədə, birincisinə baxmalıyıq".
Yoldaşlıq görüşlərində yaxşı oynamalarına rəğmən, rəqiblərə xüsusi diqqətlə yanaşmadıqlarını deyən Hoca baş məşqçi Franko Lerdanın tapşırıqlarına uyğun çalışdıqlarını bildirib. O, "Qarabağ"la matçın axşam saatlarında keçirilməməsinə isə belə reaksiya verib: "Axşam oynamaq pis olmazdı. Amma vaxtı belə təyin ediblər və edəcək bir şeyimiz yoxdu. Çətin olacaq, amma mümkün nə varsa, edəcəyik".
Qapıçı "Qarabağ" barədə sabiq albaniyalı müdafiəçisi Ansi Aqollidən heç nə soruşmadığını da əlavə edib.
Qeyd edək ki, iyulun 10-da "Selman Stermasi" stadionunda keçiriləcək "Partizani" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.