ABŞ-ın Qərbi Virginiya ştatından olan senatoru Cozef Mençin futbol üzrə 2026-cı il dünya çempionatına maliyyə ayırmamağı nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, senatorun əsas tələbi yerli Futbol Federasiyasının qadın futbolçulara kişi futbolçularla müqayisədə ədalətli əmək haqqı ödənişinə razılıq verməsidir. Mençin bildirib ki, ABŞ-ın qadınlardan ibarət yığmasının tarixində dördüncü dəfə dünya çempionu olması onu belə addıma sövq edib: "Futbol komandalarında qadın və kişilərin əmək haqları arasındakı aşkar fərq yolverilməzdir. Şadam ki, qadınlardan ibarət yığmamızın dünya çempionatındakı qələbəsi ictimai rezonans doğurdu".
DÇ-2026 ABŞ-la yanaşı, Kanada və Meksikada da keçirilməlidir. Hazırda dünyanın 7 aparıcı liqasında 1693 qadın futbolçunun ümumi əmək haqqı 42,6 milyon dollardır. Kişi futbolunda isə təkcə İspaniya "Barselona"sının hücumçusu Lionel Messi əmək haqqı və bonuslarla birgə 84 milyon dollar qazanır. "BMT-Qadınlar" strukturu idmanda hər iki cins üçün bərabər əmək haqqı tələb edib.