Türkmənistan milli komandasının futbolçusu Vahit Orazsahedovun ötən mövsüm "Səbail"də çıxış etməsində yığmanın sabiq futbolçusu Nazar Bayramov vasitəçilik edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 26 yaşlı hücumçunun özü "Turkmenportal"a müsahibəsində bildirib. O deyib ki, əvvəllər Azərbaycanda "Karvan" və "Neftçi"də çıxış etmiş Bayramov keçmiş komanda yoldaşı Samir Əliyevlə danışıb. Əliyev isə çalışdığı Orazsahedovu "Səbail"ə çağırıb. Nəticədə 2 gün ərzində viza məsələsi həll olunub və türkmənistanlı forvard Bakıya gəlib.
Orazsahedov bildirib ki, "Səbail" rəhbərliyi ona 1 illik müqavilə təklif etsə də, özü yarım illik sözləşməyə imza atıb: "Bunadək Belarusda olsam da, "Smoleviçi" ilə anlaşa bilməmişdim. Aşxabada qayıtdıqdan sonra Nazar Bayramovla danışmışdım. O isə məni dostu Samir Əliyevin vasitəsilə "Səbail"ə təklif etmişdi. Əvvəlcə orada necə olacağını bilmirdim. Bu səbəbdən, 1 illik müqavilə təklif etmələrinə rəğmən, yarım illik anlaşma əldə etdim. Amma işlərim alınmadı. Böyük futbolçularda da belə hallar olur: Oyunu alınmır, nə isə düz getmir. Bunlar normaldır. Həmin vaxt "Səbail"də daha bir türkmənistanlı futbolçu Elman Taqayev də çıxış edirdi".
Hücumçu "Səbail"də oyun praktikasının azlığından da danışıb: "Müəyyən oyunlarda forma geyinsəm də, amma etimad hiss etmirdim. Sonrada digər kluba keçdim".
Qeyd edək ki, Vahit Orazsahedov "Səbail"də 2018-ci ilin fevral - may aylarında çıxış edib.