
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın "Dinamo" (Moskva) klubunun heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın IV turunda 23 yaşlı hücumçu səfərdə "Spartak"la qarşılaşmada meydana start heyətində çıxıb. "Otkrıtiye Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb. Bu görüşdə meydan sahiblərinin heyətində də azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyev forma geyinib. Şeydayev 74-cü dəqiqədə əvəzlənib. Quliyev isə sonadək meydanda olub və 32-ci dəqiqədə sarı vərəqə alıb.
"Spartak" 35-ci dəqiqədə Esekyel Ponsenin qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Lakin "Dinamo" say üstünlüyündən yararlana bilməyib.
Bu nəticədən sonra "Dinamo" və "Spartak" hərəyə 5 xalla 8-9-cu yerləri bölüşürlər. Lakin tur hələ başa çatmadığı üçün onların daha aşağı pillələrə enəcəkləri istisna deyil.