
“Ötən mövsüm ərzində izlədiyimiz Renatın çox yaxşı perspektivi var. Onu klubda salamlamaqdan şadıq”.
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton”un idman direktoru Kevin Telluel Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini dəyərləndirərkən klubun rəsmi saytına deyib.
Onun sözlərinə görə, gələcəkdə fantastik futbolçuya çevirləcək bir oyunçu ilə müqavilə bağlayıblar: “Transfer pəncərəsi” dövründə işləyərəkən, yalnız bu günə deyil, gələcəyə də köklənirik. Ümid edirəm ki, gələcəkdə fantastik futbolçuya çevirləcək bir oyunçu ilə müqavilə bağladıq. Renatda “Vulverhempton” üçün axtardığımız futbolçuya xas hər şey var. O, bir il sonra daha yaxşı futbolçu kimi qayıtmaq üçün “Pakuş de Ferreyra”ya icarəyə yollanır. “Pakuş de Ferreyra” Diequ Jotanın timsalında necə yaxşı oyunçu yetişdirdiyi məlumdur. İndi isə Renata orada uğurlar arzulayırıq və çıxışını diqqətlə izləyəcəyik”.
Qeyd edək ki, “Vulverhempton” Portuqaliyanın “Eştoril” klubundan transfer etdiyi Dadaşovla 4 illik müqavilə bağlayıb.