
Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL komandası ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi matç avrokuboklarda yubiley oyunu kimi əlamətdar olacaq.
Bu, Ağdam təmsilçisinin əsas klub turnirində 36-cı (+14=12-9, 37-27), ümumiyyətlə isə 110-cu (+39=29-41, 106-133) oyunudur. Görüş Azərbaycan klubları üçün ÇL-də 78-ci, ümumilikdə 341-ci matçdır.
APOEL ilə avqustun 6-da səfərdə keçirilən qarşılaşma Azərbaycanın klub futbolu tarixində əlamətdar olub. “Qarabağ”ın 2:1 hesabı ilə qalib gəlməsi nəticəsində qitə turnirlərində 100-cü qələbə qazanılıb.
Ümumilikdə isə Azərbaycan və Kipr komandaları indiyədək 7 dəfə üz-üzə gəlib. Görüşlərin rəqəmli yekunu belədir – 3 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət, topların nisbəti 8-7. “Qarabağ” ilk dəfədir Kipr təmsilçisi ilə qarşılaşır və bununla Ağdam klubu üçün ölkələrin sayı 35 olub. Yeri gəlmişkən, “Qarabağ”ın yolu ən çox İngiltərə, İtaliya, Fransa, Çexiya və Moldova klubları ilə kəsişib – 6 dəfə.
“Qarabağ” 8 qolla məhsuldarlıqda hazırda 5-ci klubdur, yarımmüdafiəçi Abdulla Zubir isə 3 məhsuldar ötürmə ilə ÇL-in təsnifat mərhələsində daha 3 futbolçu ilə liderdir.
Klub reytinqində bu il silinən göstərici 3,625 xal təşkil edir. “İtirilənlər"in indilikdə 2,125-nin yeri doldurulub və bu, yalnız “Neftçi” (1,125) və “Qarabağ”ın (1,000) hesabına mümkün olub.
Azərbaycan klublarının qitə turnirlərində bu həftə daha bir oyunu olacaq. Avqustun 15-də “Neftçi” İsraildə “Bney Yehuda” ilə görüşəcək.
Rövşən BİNNƏTLİ