İspaniya "Barselona"sının və Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo Kolumbiyanın "Santa Fe" klubunun heyətində yoldaşlıq görüşündə çıxış edəcək.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oyun oktyabrın 17-də keçiriləcək. Rəqib bir neçə günə müəyyənləşəcək.
Daha əvvəl Ronaldinyonun Braziliyanın turizm səfiri təyin olunduğu açıqlanıb. Lakin keçmiş hücumçunun pasportu yoxdur. O, və qardaşı qadağan olunmuş yerdə qeyri-qanuni balıq ovu platformalı anbar tikdikləi üçün mühakimə olunublar. Bu anbar ekologiyaya ziyan vurub. 2018-ci ildə Ronaldinyo 8,5 milyon dollar cəriməyə məruz qalsa da, hələ pulu ödəməyib. Bu səbəbdən, "sambaçı"nın pasportu əlindən alınıb və ölkədən kənara çıxması yasaqlanıb.
Qeyd edək ki, Ronaldinyo "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense"dən əlavə, Fransa PSJ-si və İtaliya "Milan"ında da forma geyinib. O, 2002-ci ildə dünya çempionu olub.