
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" (Moskva) komandasının baş məşqçi postuna Mirça Luçesku təyin oluna bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Sport24" nəşrinə 74 yaşlı mütəxəssisin agenti Arkadi Zaporjan açıqlama verib. O, "Dinamo" rəsmiləri ilə təmaslarının olduğunu bildirib: "Hələ Luçeskuya müqavilə təklif olunmayıb. O, Moskvaya gəlməyi planlaşdırır, amma səfərin nə zaman gerçəkləşəcəyini deyə bilmərəm".
Zaporjan Luçeskunun "Dinamo"nun baş məşqçisi olma şanslarını da dəyərləndirib: "Sualı klub rəhbərliyinə vermək daha yaxşı olardı. Amma bu variant real görünür. İstərdim ki, komandaya o rəhbərlik etsin. Hələlik məsələnin nə zaman həllini tapacağını deyə bilmərəm".
Qeyd edək ki, ötən həftəsonu Rusiya Premyer Liqasının XII turunda "Orenburq"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib.