"Komandanın oyunundan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son matçda uduzmuşduq, uşaqlar bundan nəticə çıxardılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XII turunda evdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. İtaliyalı mütəxəssis bildirib ki, yaxşı oyun qələbədə də önəmlidir: "Bu gün bunu bacardıq. Futbolda asan qələbə olmur, belə deməzdim. Bunun üçün vuruşmaq, döyüşmək lazımdır".
Bordin əvəzetmələrindən də danışıb: "Meydana 11 nəfər buraxırıq. Bu gün Evangelas Platellasın meydanda olması baş məşqçi seçimidir. Qol vurmasına görə sevinirəm. Çox işləmişdi, əziyyətinin bəhrəsini gördü. Baqali Dabo zədəli olduğu üçün heyətdə yer almamışdı. Voislav Stankoviçdə yorğunçuluq hisss olunurdu deyə, yerinə Mamadu Mbocu buraxdıq. Ümumiyyətlə, hər 3 əvəzetmə oyuna yaxşı qoşuldular. Donald Gerye komanda ilə təlim-məşq toplanışı keçməyib. Ola bilsin, fiziki forması tam qaydasınd deyil. Bunun üzərində çalışırıq".