"Keçən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük".
Sportnet.az-ın məlumatına görə bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIII turunda evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Yorğunluq var, amma rotasiya imkanımız da yoxdur. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübariz "Keşlə" gördüm. Qələbə - qələbədir. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki, istədiyimi edə bilim".
Əhmədov Azər Salahlıya müdafiədə şans verməməsinə toxunub: "Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dan 4 qol buraxıb. Azər sol cinah üçündür. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdır. Rəşad Sadiqov daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacağam. Rəşadın meydançada olması komanda üçün böyük uğur idi".