"Rəqiblərdən çox şəhərləri və səyahəti müzakirə etmişdik. Bakını istəyirdik. Azərbaycanda, Bakıda öz meydanımızdakı kimi oynayacağıq".
Sportnet.az xəbər verir ki, bunu AVRO 2020-nin püşkünü dəyərləndirən Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib. "Ay-ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alacaqlar. 67 yaşlı mütəxəssis İtaliya ilə Romadakı açılış oyunundan sonra Bakıya səfərin bir qədər çətin olacağını vurğulayıb: "Avropanın ən yaxşı komandaları yarışda iştirak edəcəklər. Bu turnirdə yer almaq qürurvericidir. Sərgiləyəcəyimiz futbolla yarışa səs salmaq, rəng qatmaq istəyirik. Bütün komandalara uğurlar arzulayıram".
Qeyd edək ki, bu gün AVRO-2020-də Bakıda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.