
"Çətin səfər oyunu idi. Buna yaxşı hazırlaşmışdıq. Gözəl oyun nümayiş etdirdik. İstədiyimiz qolları vaxtında vuraraq, vacib qələbə qazandıq. Bu qalibiyyət sayəsində liderlə aradakı xal fərqini 6-ya endirdik. Sona qədər çempionluq uğrunda mübarizə aparacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko Premyer Liqanın XIV turunda "Sabah"ı səfərdə 2:0 hesablı ilə üstələdikləri oyundan sonra deyib. Baziliyalı vinger digər sualları da cavablandırıb.
- "Neftçi" "Qarabağ"ı turnir cədvəlində ötəcək gücdədirmi?
- Əlbəttə. Kifayət qədər potensiala malik komandayıq. Kollektivdə güclü rəqabət var və bu, özümüzü daha yaxşı göstərməyimizə kömək edir. Ötən il indiki vaxtda "Qarabağ"dan 5 xal öndə idik. Qış fasiləsindən sonra onlar bu fərqi aradan qaldıraraq çempion oldular. Biz də bunu bacara bilərik. Sona qədər mübarizə aparacağıq.
- Yayda "Neftçi"yə qayıtdıqdan sonra komandanın liderlərindən olacağınızı düşünürdük, ancaq indi ehtiyatda qalırsınız...
- Deməzdim ki, komandama xeyrim dəymir. Bəzi matçlarda istəsən belə, oyunun yaxşı alınmaya bilər. Çalışıram ki, komandanın qələbələrində payım olsun. Mənim üçün əsas komandamın müsbət nəticə qazanmasıdır.
- Ötən qış gözlənilmədən "Neftçi"ni tərk etdiniz. Hazırda da ehtiyatda qalırsınız. Eyni hadisə təkrarlana bilərmi?
- Futbol dinamik oyundur. Dünyanın hər yerində maddi cəhətdən sərfəli təklif olanda futbolçu bunu dəyərləndirməyə çalışır. Ötən il belə bir şey oldu, mən də dəyərləndirdim.
- Mövsümün bu ərəfələrində əcnəbi futbolçular artıq qış fasiləsini düşünürlər. Bu amil ölkə kubokunun 1/4 final matçlarına köklənmə baxımından sizə problem yaratmaz?
- Bu, elə məsələdir ki, hərə özünə cavabdeh ola bilər. Düşünürəm ki, biz peşəkar klubun futbolçularıyıq, son oyuna qədər mübarizə aparmalıyıq. Kubokda yarımfinala adlayandan sonra istirahət barədə düşünə bilərik.