
Portuqaliyanın "Pakuş de Ferreyra" klubu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun icarə sözləşməsinə vaxtından əvvəl xitam verib.
Sportnet.az "Mais Futebol" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ümidləri doğrultmadığı üçün müqavilə üzrə məxsus olduğu İngiltərə "Vulverhempton"una göndərilib. Onun icarə müddəti hazırkı mövsümün sonunadək idi. Lakin Portuqaliya təmsilçisi 6 ay yararlandığı Dadaşovdan razı qalmayıb.
Gənc forvard yerli çempionatda 8 oyunun heç birində fərqlənə bilməyib. O, yalnız kubok qarşılaşmasında 1 qolla kifayətlənib.
Qeyd edək ki, Renat Dadaşov "Vulverhempton"la 2019-cu İlin yayında 4 illik müqavilə bağladıqdan sonra "Pakuş de Ferreyra"ya icarəyə verilib. Premyer Liqada 20 oyundan 30 xalla 7-ci yerdə gedən İngiltərə təmsilçisi hazırda UEFA Avropa Liqasında qrupdan çıxaraq 1/16 finalda İspaniya "Espanyol"una rəqib olub. Bu komandanın hücum xəttindəki rəqabət üzündən Dadaşovun meydana çıxması real görünmür.