Rusiya Futbol İttifaqının (RFS) sabiq prezidenti Vyaçeslav Koloskov Belarus çempionatı barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, RFS-in fəxri prezidenti Yüksək Liqanı pornoqrafiya adlandırıb.
"İki gün əvvəl iki oyuna baxmağa çalışdım. Bu, hansısa pornoqrafiya, cəfəngiyyat idi. Nə azarkeş var, nə də ustalıq. Heç nə yoxdur" deyən Koloskov "MatçTV" telekanalını belə bir "mənasız oyunları" göstərməkdə günahlandırıb: "Əvvəllər televiziyada "İdmanın qəhrəmanları" rubrikası var idi. Göstərin həmin qəhrəmanları! Göstərin 1988-ci il Seul Yay Olimpiya Oyunlarında SSRİ və Braziliya arasında keçirilmiş futbol turnirinin final oyununu! Göstərin 1979-cu ilin xokkey üzrə Çağırış Kubokunu! Nəyə görə mən BATE və ya hansısa "moz-voz"a baxmalıyam?"
Bununla belə, keçmiş funksionerin fikrincə, ölkədə karantin rejimi tətbiq olunmayıbsa və yoluxanların sayı dənə ilədirsə, mövsümü davam etdirmək olar: "Belarus təcrid olunub və ümumi vəziyyətə heç bir təsir göstərmir. Hamı ilə eyni sıraya düzülmələrinə nə lüzum var? İmkan varsa, qoy, oynasınlar. Belarus Rusiya kimi böyük ölkə deyil, kompakt dövlətdir".
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko idmanı ən yaxşı antivirus vasitəsi adlandırıb. Onun fikrincə, diz çöküb yaşamaqdansa, ayaq üstə ölmək daha yaxşıdır. Lukaşenkonun özü də çox sevdiyi xokkey matçında iştirak edib. Bu həftə Yüksək Liqada II turun oyunları keçirilib. Ölkədə koronavirusa ümumilikdə 94 nəfər yoluxsa da, ölüm yoxdur.