2010-cu ildə yaradılmış "Sumqayıt" bu il 10-cu ildönümünü qeyd edir.
Sportnet.az xəbər verir ki, məhz bu səbəbdən klubun rəsmi saytı "Yaxın keçmişə səyahət" adlı kiçik rubrika hazırlayıb.
Rubrikada klubun 10 illik tarixi ərzində maraqlı faktlar diqqətə çatdırılıb.
İlk olaraq, 2010/2011 mövsümündən etibarən I divizionda çıxış edən “Sumqayıt” bir il sonra Azərbaycan Premyer Liqasına yüksəlib. 2011/2012 mövsümünün ilk yarısını “Sumqayıt Şəhər” adı altında mübarizə aparan komanda 2012-ci ilin yanvarından etibarən Premyer Liqada “Sumqayıt” adı altında yarışıb.
2010-cu ildə I divizionda çıxış edən kluba Baba Əsgərov rəhbərlik edib. 2011/2012 mövsümündən etibarən Premyer Liqada mübarizə aparan “Sumqayıt”ı yüksək liqada ilk çalışdıran məşqçi isə almaniyalı mütəxəssis Bernhard Raab olub.
“Sumqayıt" Premyer Liqada ilk oyununu 2011-ci il avqustun 6-da səfərdə “Xəzər Lənkəran”a qarşı keçirib. Həmin qarşılaşmada 1:2 hesablı məğlub olan komandanın yeganə qolunun müəllifi Eşqin Quliyev olub. Adıçəkilən futbolçu qarşılaşmanın 84-cü dəqiqəsində Kamran Ağayevin qoruduğu çərçivəyə yol taparaq klubun tarixinə Premyer Liqada ilk qolun müəllifi kimi düşüb. Sumqayıt şəhərinə böyük futbolun qayıdışı isə 2011-ci avqustun 14-nə təsadüf edib.
Qeyd edək ki, "Sumqayıt"ın ilk kapitanı isə sabiq baş məşqçisi Samir Abasov olub. 3 mövsüm klubun uğurları üçün çalışmış Abasov komandanın heyətində ümumilikdə 82 qarşılaşmada meydana çıxıb.
2011/2012 mövsümündən Premyer Liqada çıxış edən komanda ilk oyununu həmin tarixdə “Qəbələ”yə qarşı keçirib. Bu qarşılaşmadan da eyni hesablı məğlubiyyətlə ayrılan komandanın yeganə qolunun müəllifi Orxan Əliyev olub. Məhz “Sumqayıt” – “Qəbələ” oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan təxminən 8 min azarkeş izləyib.