İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" klubları bir neçə oyunçunun iştirakı ilə yerdəyişmə məsələsinə dair müzakirə aparır.
Sportnet.az-ın "Calciomercato.com"a istinadən verdiyi məlumata görə, hücumçu Federiko Bernardeskini istəyən Kataloniya təmsilçisi əvəzində xavbek İvan Rakitiç və müdafiəçi Samuel Yumtitini təklif edir.
Daha əvvəl "Barsa" "İnter"dən forvard Lautaro Martinesin qarşılığında müdafiəçi Xunior Firpo və Nelson Semedunu verməyə hazır olduğunu bildirib. Lakin qarşı tərəf rədd cavabı verib.
İspaniya klubu 2023-cü ilədək müqaviləsi olan Filippe Koutinyodan da qurtulmaq istəyir. Braziliyalı yarımmüdafiəçiyə 90 milyon avro qiymət qoyan klub maliyyə itkisinə yol verməmək üçün məbləğdə endirim etməyə hazırlaşmır. Koutinyonu İngiltərə klubları sonradan birdəfəlik ala bilmələri şərti ilə icarəyə götürmək niyyətindədirlər. Elə "Barsa" da bunun əleyhinə deyil.
Hazırda "sambaçı" Almaniya "Bavariya"sında icarədə olsa da, yəqin ki, mövsümün sonunda Kataloniyaya qayıdacaq. 27 yaşlı oyunçu cari mövsüm Bundesliqada 22 qarşılaşmada 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, Çempionlar Liqasında isə 7 görüşdə 1 qol və 2 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, La Liqada 27 turdan sonra "Barselona" 58 xalla liderdir.