Ermənistanın yüksək və I Liqasındakı klublar məşqləri aprelin 23-də bərpa edəcəklər.
Sportnet.az-ın Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, quruma koronavirusun müəyyənləşdirilməsi üçün testlər təqdim olunub. Həmin testlər yaxın 3 gün ərzində iştirakçı klublara göndəriləcək. Məşqlərdən əvvəl bütün komandalar oyunçu və məşqçilərini, habelə, texniki işçilər və tibbi personalını koronavirus yoxlamasından keçirəcəklər.
İstənilən kollektivin məşqi zamanı meydanda futbolçu, məşqçi, texniki heyət və tibbi personal olmaqla, 20-dən çox şəxs yer ala bilməz.
Yüksək və I Liqanın bərpası məsələsini federasiya bir həftədən sonra müzakirə edəcək. Mümkün bərpa tarixləri kimi mayın ikinci yarısı və ya iyunun əvvəli göstərilib. Bu, Ermənistanda fövqəladə vəziyyətin başa çatmasından və bir sıra digər şərtlərdən asılı olacaq.
Bu günədək Ermənistanda 1401 koronavirusa yoluxma halı və 24 ölüm qeydə alınıb.