
İngiltərənin "Çelsi" klubu bu mövsüm bütün yarışlarda ilk məğlubiyyətlə üzləşib. Sportnet.az-ın məlumatına görə, "zadəganlar" Premyer Liqanın 15-ci turunda "Nyukasl"a səfərdə uduzublar - 1:2.
Sonuncu dəfə "Çelsi"nin rəsmi matçda məğlubiyyəti aprelin 30-na təsadüf edib. Həmin vaxt baş məşqçi Joze Mourinyonun komandası Çempionlar Liqası qarşılaşmasında İspaniya "Atletiko"suna yenilib - 1:3. Bundan sonra baş məşqçi Joze Mourinyonun komandası ardıcıl 21 oyun uduzmayıb.
Qeyd edək ki, "Nyukasl"ın hər iki qolunu Papiss Sisse vurub. O, 57 və 78-ci dəqiqələrdə fərqlənib. 81-ci dəqiqədə Stiven Teylor qırmızı vərəqə aldıqdan sonra "Çelsi" say üstünlüyündən cəmi bir dəfə yararlana bilib. 84-cü dəqiqədə Didye Droqba təsəlli qolunu vurub. Hazırda "Çelsi" 36 xalla 1-ci, "Nyukasl" isə 23 xalla 7-ci pillədədir.





































































