Rumıniyalı veteran futbolçu Leonard Naydin "Neftçi"də çıxış etdiyi dövrü xatırlayıb.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumameylli yarımmüdafiəçi həmin dövrün özü üçün çox xoş keçdiyini bildirib. O, iki həmyerlisi - Adrian Neaqa və Marian Aliuta ilə birgə çıxış etdiyini diqqətə çatdırıb.
"Bakı çox yaxşı şəhərdir. Onlar pul mənbəyi olan neft və qaz hesabına yaşayırlar. Bu, yaxşı dövr idi. Çox yaxşı oynayırdım" deyən Naydin yeganə problem kimi lider ola bilməmələrini göstərib.
O, "Neftçi"dən gedişində klub prezidenti postunda Əkbər Hacıyevi Sadıq Sadıqovun əvəzləməsinin rol oynadığını bildirib: "Komandada qalmalı idim. Bunun üçün hər şey edirdim. Amma klub prezidenti dəyişdikdən sonra bütün legionerlər, o cümlədən, mən komandadan getdim".
Qeyd edək ki, Leonard Naydin "Neftçi"də 2009/2010 mövsümündə forma geyinib.