
"İki fərqli hissə izlədik. İlk yarıda istədiyimiz futbolu görmədim. Amma fasilədən sonra istədiyim komanda meydanda idi. Çatışmazlıqlarımız var. Bizə vaxt lazımdır. Getdikcə daha yaxşı kollektiv olacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının II turunda "Sabah"a səfərdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, komanda yeni olduğu üçün daha artığını tələb edə bilmir: "Müdafiədə daha yaxşı çalışmalıyıq. Yenə deyirəm, vaxta ehtiyacımız var".
40 yaşlı mütəxəssis sərəncamındakı 23 futbolçunun hamısına inandığını diqqətə çatdırıb: "Cavid oynamalı idi. Ona görə şans verdik".
Baş məşqçi fərdi səhvlərin komandaya uyğunlaşmaması ilə əlaqələndirib: "Xəttlərarası əlaqə yaxşı vəziyyətdə deyil. İkinci hissədə göstərdiyimiz oyun keyfiyyətli idi. Bu oyunu istəyirəm. Müdafiədə oturan komanda istəmirəm".
Baxşıyev yeni hücumçu istədiyini söyləyib: "Yeni qoşulan braziliyalı futbolçu çox keyfiyyətlidir. Çempionatın tapıntısı ola bilər".
Mütəxəssis cari mövsümdəki hədəflərini açıqlayıb: "Bizi öncə avrokuboklar yox, komandanın formalaşması maraqlandırır. Bundan sonra iddiamız da arta bilər".
Baş məşqçi deyib ki, "Sabah" barədə danışması düzgün deyil: "Mən öz komandama cavabdehəm. "Qəbələ" güclənib. Daha yaxşı oyun göstərəcəyimizə inanıram".
Baxşıyev əllərində olan futbolçulardan maksimum istifadə etdiklərini vurğulayıb: "Vuran ayaqlarımız yoxdur. Ön xətdə bizə faydalı oyunçuların üzərində dayanmaq istəyirik".
O, Anar Nəzirovun səhvi barədə də danışıb: "Səhv hər zaman olur. Anara inanırıq".