
"Çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi vəziyyətdir. Buna baxmayaraq, maksimum dərəcədə konsentrasiyalı olmağa çalışırıq. Sabahkı oyun bizim üçün vacibdir. Qrup birincisi olmaq istəyiriksə, yaxşı nəticə qazanmalıyıq".
Sportnet.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Monteneqro ilə oyundan öncə mətbuat konfransında deyib.
63 yaşlı italiyalı mütəxəssis start heyəti bu günkü məşqdən sonra müəyyənləşdirəcəyini bildirib. Onun fikrincə, Monteneqro böyük keyfiyyətlərə malik komandadır: "Çoxlu oyunçuları xaricdə çıxış edir, təcrübəli və gənclərdən ibarət heyətə malikdirlər. İki oyunda balansı qorumağa çalışacağıq. Kim etibarlı çıxış etsə, növbəti oyunda da yer alacaq. Rəqibi yaxşı analiz etmişik. Kim az səhvə yola versə, o da qalib gələcək".
De Byazi futbolçuların cəbhədə baş verənlərlə bağlı narahat olduğunu sözlərinə əlavə edib: "Fikrimcə, buna ən yaxşı cavab gözəl oyun göstərib, Azərbaycan bayrağını qaldırmaq olar".
Baş məşqçinin sözlərinə görə, zədəli Əli Qurbaninin durumuna bu gün və sabahkı məşqdən sonra aydınlıq gələcək.