"Futbolda belə bir deyim var: qələbə və uğurun sahibi çoxdur. Uğursuzluğun isə yalnız bir sahibi olur. Yeni yola çıxdığımız bir zamanda milli komandada belə vəziyyət olmamalıdır. Dürüst olsaq, heç kim C Liqasını qazanmaq və Avropa çempionatına getməyi hədəflədiyimizi söyləməyib. Əslində bunun tam əksi deyildi. Uzunmüddətli və davamlı iş görmək istəyirik".
Spornet.az-ın məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Belçikalı mütəxəssis bildirib ki, heç bir futbolçu komandanın indiyədək göstərdiyi oyundan və nəticələrdən razı deyil: "Təəssüf ki, istədiyimiz xalları toplaya bilmədik. Amma yenidən buna cəhd edəcəyik. Məsuliyyəti ciddi şəkildə bizim, oyunçuların üzərinə düşür. Millinin klubdan daha üstün olduğunu anlamalıyıq. Bu formanı geyinmək şərəfdir".
Kipr millisinin Çexiya ilə yoxlama oyunundan (1:2) öncə rəqibin heyətində koronavirus aşkarlandığını xatırladan baş məşqçi narahatlıq üçün əsas olmadığını vurğulayıb: "2 gün öncə komandamızın üzvləri testdən keçiblər. Bütün nəticələr mənfi çıxıb".
Qeyd edək ki, bu gün Albaniyadakı Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.