FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Sportnet.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib.
Hazırda yığma 1175 xalla 114-cü sırada qərarlaşıb. Buna səbəb yığmanın Millətlər Liqasının III turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzması və Kiprlə qolsuz heç-heçə etməsidir.
Millinin rəqiblərindən Kipr seçməsi 1225 xalla bir pillə geriləyərək 99-cu ola bilib. Əvəzində 1247 xalı olan Lüksemburq 95-ci sıraya yüksəlib. Monteneqro isə (1369 xal) 1 addım irəliləyərək, 64-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1752) və Braziliya (1725) qərarlaşıb. 1486 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 33-cü sırada yer alıb.