Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun koronavirus səbəbindən ləğv olunan İsveçrə - Ukrayna oyunu ilə bağlı məsələyə noyabrın 25-də baxılacaq.
Sportnet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma UEFA-nın sabahkı iclasında müzakirə olunacaq.
Daha əvvəl qalibin püşkatma yolu ilə müəyyənləşdiriləcəyi bildirilib. Bu görüş A Liqasında qalacaq komandanın adına aydınlıq gətirəcək. Son nəticələrə əsasən, Ukraynanın 6, İsveçrənin 3 xalı var. Qrupdakı ilk matçda Andrey Şevçenkonun başçılıq etdiyi komanda rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.