Bu həftə Azərbaycan Premyer Liqasında XI turun oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq. Bu, iki komanda arasında yubiley – 20-ci qarşılaşma olacaq. İlk dəfə 2015-ci ildə üz-üzə gələn rəqiblər indiyədək Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. “Zirə” bu matçlarda üstünlüyə malikdir. Aktivində 10 qələbə olan “qartallar” 5 dəfə bir xalla kifayətlənib və yalnız 4 matçda uduzub. 22 qol vuran komanda 18 top buraxıb.
“Neftçi”yə qarşı səfər matçlarında da üstünlük “qartallar”ın tərəfindədir. Səfərdəki 9 oyunda 3 qələbə və 4 heç-heçə əldə edən “Zirə” rəqib meydanında iki məğlubiyyət alıb. Bu görüşlərdə top fərqi meydan sahiblərinin xeyrinədir. Qəsəbə təmsilçisi 11 qol vurub, 13-nü buraxıb.
Qeyd edək ki, “Neftçi” - “Zirə” oyunu noyabrın 28-də keçiriləcək.