
"Neftçi"nin aşağı yaş qruplarının istifadə etdiyi, eləcə də "Neftçi-2"nin yoldaşlıq və ev oyunlarını keçirdiyi Türk Hava Yolları Futbol Mərkəzinin dördüncü ehtiyat meydançasına işıq dirəklərinin qoyulması prosesinə başlanılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bundan sonra məşq meydançasında gündüz məşq və oyunlarla yanaşı, axşama doğru da hazırlıq prosesləri və matçlar keçiriləcək. Hər biri 18 metr olan işıq dirəkləri stadionu tam işıqla təmin etmək gücünə malik olacaq. İki hissə şəklində aydınlanacaq meydança məşq və oyunlar zamanı ayrı-ayrı iş rejimində işləyəcək. İşıqların hər birinin 200 - 250 hers aralığında işıqlandırma gücü var.
Qeyd edək ki, stadionun dörd tərəfində qoyulacaq işıq dirəklərinin quraşdırılması bu həftə yekunlaşacaq. İşıq dirəkləri fevralın 1-dən istifadəyə veriləcək.