Ukrayna Futbol Assosiasiyasının (UAF) Nizam-İntizam Komitəsi qondarma Luqansk Xalq Respublikası (LXR) və Donetsk Xalq Respublikasının (DXR) komandalarının oyunlarında iştirak etmiş 26 yerli futbolçu ilə bağlı qərar verib.
Sportnet.az-ın UAF-nin rəsmi saytına istinadən məlumatına görə, ölkə futbolunun imicinə xələl gətirməkdə ittiham olunan oyunçuların hər biri ömürlük diskvalifikasiya edilib.
Onların 9-u "LXR yığması"nın heyətində qondarma Abxaziya Respublikası ilə yoldaşlıq matçında forma geyinib. Həmin qarşılaşma 2020-ci il sentyabrın 25-də Gürcüstanın Suxumi şəhərində oynanılıb.
Digər 17 futbolçu isə LXR-in "Vostok-Uqol" klubu ilə dekabrda eyni şəhərdə baş tutmuş "Qardaş Xalqlar Liqası" turnirində iştirak edib.