Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.
"Dimamo" Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra oyuna Azərbaycan millisi nəzarət etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev yekun hesabı müəyyənləşdirib. Bu, komandanın 2021-ci ildəki ilk qələbəsidir.
Qarşılaşma yığmanın bir neçə futbolçusu üçün əlamətdar olub. Start heyətdə meydana çıxan "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukrayna "Minay"ından Rüstəm Əhmədzadə millidə debüt edib.
Kapitan Maksim Medvedev isə 69-cu dəfə yığmanın formasını geyinib. 32 yaşlı müdafiəçi hazırda "Qarabağ"ın baş məşqçisi olan yığmanın sabiq hücumçusu Qurban Qurbanovu geridə qoyaraq, ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yeri ələ keçirib. 65-ci dəfə meydana çıxan yarımmüdafiəçi Qara Qarayev isə Emin Ağayevə çataraq, ən çox oyun keçirən futbolçuların sıralamasında 9-cu pilləyə şərik çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.
-----------------------------------------------------------------
Bu gün Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq. "Dimamo" Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.
Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.
Azərbaycan millisi daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Belarus isə ilk belə oyununa çıxacaq.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarusa qarşı oynamayacaqlar.
2 iyun
Yoldaşlıq görüşü
20:00. Belarus - Azərbaycan - 1:2
Qol: Maksim Skaviş, 56 - Bədavi Hüseynov, 73. Ramil Şeydayev, 90+1
Minsk, "Dinamo" Milli Olimpiya Stadionu.